MƏDƏNİYYƏT
Türk Mədəniyyəti və İrsi Fondu ilə IRCICA ortaq layihə və tədbirlər həyata keçirəcək
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də Türk Mədəniyyəti və İrsi Fondunda qurumun prezidenti Günay Əfəndiyeva və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) baş direktoru Halit Eren arasında görüş olub.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüş zamanı G.Əfəndiyeva və H.Eren Türk Mədəniyyəti və İrsi Fondu, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası” mövzusunda beynəlxalq konfransın keçirilməsinin əhəmiyyətinə toxunaraq konfransın nəticələrinə dair müzakirələr aparıblar.
G.Əfəndiyeva ötən gün Türk Mədəniyyəti və İrsi Fondu ilə IRCICA arasında anlaşma memorandumunun imzalanmasının türk-İslam mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi və təbliğ edilməsi istiqamətində töhfə olduğunu qeyd edib.
H.Eren anlaşma memorandumunun imzalanmasını yüksək qiymətləndirib, hər iki qurum arasında əməkdaşlıq çərçivəsində ortaq layihə və tədbirlərin həyata keçiriləcəyini bildirib.
Görüşdə gələcək plan və perspektivlərə dair fikir mübadiləsi aparılıb.