İQTİSADİYYAT
Türk Standartları İnstitutu “Ekol Mühəndislik Xidmətləri”ndə audit keçirir
Bakı, 12 may, AZƏRTAC
“Ekol Mühəndislik Xidmətləri” QSC-də İnteqrə edilmiş Menecment Sistemləri üzrə keçiriləcək xarici auditin açılış toplantısı keçirilib.
Müəssisədən AZƏRTAC-a bildirilib ki, Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçiləri tərəfindən QSC-də növbəti xarici auditin keçirilməsinə başlanılıb. Cəmiyyətin baş ofisində keçirilən toplantıda rəhbərlik, departament və şöbə rəisləri, həmçinin TSİ-nin Azərbaycandakı təmsilçisi Səlim Çelebi, baş auditor Xatirə Salahova iştirak ediblər.
QSC-nin baş direktoru Ramil Əliyev TSİ-nin təmsilçilərinə qurumun ötən dövr ərzindəki fəaliyyətindən danışıb.
Daha sonra Ekoloji Monitorinq Departamentinin rəis müavini Natella Şəfiyeva çıxışında ötən xarici audit nəticəsində verilmiş tövsiyələrin aradan qaldırılması, daxili auditin müştəri tələbləri və məmnunluğu barədə ətraflı məlumat verib.
TSİ-nin Azərbaycan üzrə təmsilçisi Səlim Çelebi qeyd edib ki, “Ekol Mühəndislik Xidmətləri” QSC Azərbaycanda İSO 9001, İSO 14001 və OHSAS 18001 BİS-ni qəbul edən, onun tələblərini uğurla həyata keçirən nümunəvi şirkətlərdən biridir. O, beynəlxalq standartlar sahəsində QSC-də görülən işlərdən və əvvəlki auditin nəticələrindən razı qaldıqlarını vurğulayaraq, keçiriləcək növbəti xarici auditin də müsbət nəticələrlə başa çatacağına əminliyini bildirib.
R.Əliyev TSİ-nin təmsilçilərinə uğurlar arzulayıb, auditin şəffaf və işgüzar şəraitdə keçirilməsi üçün hərtərəfli şərait yaradıldığını diqqətə çatdırıb. Xarici auditin QSC-nin struktur bölmələri əhatə olunmaqla, mayın 10-dan 12-dək keçirilməsi nəzərdə tutulub.