İQTİSADİYYAT


Türk Şurasına üzv dövlətlər arasında gömrük əlaqələrinin inkişafına dair müzakirələr aparılıb

Antalya, 12 may, АZƏRTAC

Antalyada Türkiyənin Gömrük və Ticarət Nazirliyinin ev sahibliyi ilə Türk Şurasının gömrük orqanları rəhbərlərinin 6-cı toplantısı keçirilib.

Türkiyə, Qazaxıstan və Qırğızıstan rəsmi heyətlərinin iştirak etdikləri toplantıda Azərbaycanı Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov və Azərbaycan Dövlət Gömrük Komitəsinin departament rəhbəri Dilavər Fərzəliyev təmsil olunublar.

Türkiyə gömrük və ticarət nazirinin müavini Cenap Aşcinin sədrliyi ilə keçirilən toplantıda tərəflər Türk Şurasına üzv ölkələrdə gömrük, ticarət, iqtisadiyyat və tranzit daşımalarına dair fikir və mülahizələrini bildirib, bu sahələrdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə və yüksək səmərə ilə davam etməsinə təsir edə biləcək təkliflərlə çıxış ediblər.

Səfər Mehdiyev Azərbaycanın gömrük siyasətinin istiqamətləri, bu sahədə aparılan islahatların nəticələri, habelə Türk Şurasına üzv ölkələrin gömrük, ticarət, və iqtisadiyyat sahələrində əməkdaşlığın əhəmiyyətindən bəhs edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gömrük, ticarət, o cümlədən iqtisadiyyatın bütün sahələrini kompleks şəkildə inkişaf etdirən islahatların nəticələri barədə məlumat verən komitə sədrinin birinci müavini qeyd edib ki, ticarət, sərmayə, gömrük və tranzit prosedurlarının sadələşdirilməsi Azərbaycan üçün davamlı prioritetdir.

Qırğızıstan Gömrük Komitəsinin sədri Azamat Süleymanov ölkəsinin iqtisadi inkişafına təsir edən sahələrdən, o cümlədən gömrük məsələlərinə dair yeniliklərdən və əməkdaşlığın genişlənməsinə dair mövqelərindən danışıb.

Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekuly ölkəsində gömrük və ticarət siyasətinin ayrı-ayrı məqamları, həmçinin bu sahələri əhatə edən layihələrin əhəmiyyəti barədə məlumat verib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Ömər Kocaman ötən dövrdə gömrük və ticarət sahəsində əməkdaşlıqda əldə olunan nailiyyətlərdən və perspektivdə olan layihələrdən, həmçinin istifadəyə hazırlanan Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də bu layihənin davamı olaraq yaradılacaq yeni tranzit yolların gömrük və ticarət əlaqələrinin inkişafına təsir imkanlarına dair fikir və mülahizələrini bölüşüb.

Çıxışlarda diqqətə çatdırılıb ki, Türk Şurasının təsis edilməsi ilə bağlı təşkilata üzv ölkələrin dövlət başçılarının iştirakı ilə qəbul edilən Naxçıvan Bəyannaməsi üzv ölkələr arasında gömrük və ticarət əlaqələrinin inkişafı üçün əsas stimuldur.

Vurğulanıb ki, təşkilat üzvləri arasında ticarət, gömrük və sərmayə qoyuluşuna dair mövcud informasiyalar barədə qarşılıqlı olaraq məlumatlandırılmaq bu sahədə əməkdaşlığın səmərəliliyini daha da artıra bilər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.