MƏDƏNİYYƏT


Türk dünyası gənc yazarları növbəti Bakı toplantısında görüşəcək

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və Bakı toplantısının keçirilməsi” adlı beş aylıq layihə çərçivəsində tədbirlərə start veriləcək.

DGTYB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində iyulun 10-dan 14-dək Bakıda silsilə tədbirlər keçiriləcək. Tədbirlərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstandan, habelə Təbriz, Şəki, Gəncə və Şəmkirdən, eləcə də, Naxçıvan Muxtar Respublikasından gənc yazarlar paytaxtımızda fəaliyyət göstərən ədəbi qurumların nümayəndələri, yeni nəsil yazarları iştirak edəcək. Türk dünyası ədəbiyyatının bir qrup gənc nümayəndəsinin Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Milli Məclisin deputatı Cavanşir Feyziyev, həmçinin “Kaspi” qəzetinin redaksiya heyəti ilə görüşləri nəzərdə tutulur.

İyulun 11-də Fəxri və Şəhidlər xiyabanları və “Türk Şəhidliyi” abidəsini ziyarətlə başlayacaq tədbirlər, AYB-nin “Natəvan” klubunda III Bakı toplantısının açılış mərasimi və qonaq yazarların öz ölkələrindəki ədəbi vəziyyət, ədəbi işbirliyi imkanları haqqında məlumat verməsi ilə davam edəcək. Müzakirələr həmin gün Azərbaycanda Atatürk Mərkəzində davam edəcək. İyulun 12-də Yunus Əmrə İnstitutu Bakı Mədəniyyət Mərkəzində ədəbi müzakirələr, iyulun 13-də isə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında türk dünyası gənc şairlərinin şeir axşamı keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.