ELM VƏ TƏHSİL
Türk dünyasının tanınmış tədqiqatçısı Lev Qumilyovun 105 illik yubileyi qeyd olunub
Bakı, 11 may, X.Cəfərova, AZƏRTAC
Mayın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Alimlər Evi və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli sovet tarixçi-etnoloqu, arxeoloqu, şərqşünası, yazıçısı, şair və tərcüməçisi Lev Qumilyovun anadan olmasının 105 illik yubileyinə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə görkəmli alimin həyat və elmi fəaliyyətindən söz açılıb.
Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva L.Qumilyovun keçmiş SSRİ ərazisinin yarıdan çoxunu əhatə edən türk xalqları barədə əsl həqiqətləri, həmçinin türklərin dünya sivilizasiyasına verdikləri əvəzsiz töhfələri qorxmadan qələmə aldığını bildirib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli L.Qumilyovun hər zaman türklərə böyük rəğbət və sevgi bəslədiyini söyləyib. Qeyd edilib ki, “Etnogenez və yerin biosferi”, “Qədim türklər”, “Xəzər ətrafında minillik”, “Son və yenidən başlanğıc”, “Birinci türk xaqanlığının müfəssəl siyasi tarixi” əsərləri və digər kitabları nəticəsində SSRİ-də türklərə qarşı “vəhşi xalq” baxışı dəyişib.
Moskvada fəaliyyət göstərən Lev Qumilyov Mərkəzinin direktoru Pavel Zarifullin alimin rus və dünya ədəbiyyatının görkəmli simalarından olan şair Anna Axmatova və Nikolay Qumilyovun ailəsində dünyaya gəldiyini bildirib. L.Qumilyovun məhz türk xalqları barədə araşdırmalarına görə həbsxanaya atıldığını deyən P.Zarifullin alimin baş verənlərə baxmayaraq güclü iradəsi nəticəsində əleyhdarlarına özünü görkəmli tarixçi kimi qəbul etdirdiyini və yeni tarixçilər nəsli yetişdirdiyini söyləyib.
Tədbirdə “Ocaq” Moskva-Azərbaycan Mədəniyyət Mərkəzinin prezidenti Tofiq Məlikli, AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, həmin institutun qədim dillər və mədəniyyətlər şöbəsinin baş elmi işçisi, professor İlhami Cəfərsoy, folklor institutunun şöbə müdiri Ağaverdi Xəlilov, Fəlsəfə İnstitutu direktorunun elmi işlər üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli alimin türk xalqları ilə bağlı araşdırmalarının tarixi əhəmiyyətindən danışıblar.