REGİONLAR
Türk sənət nümayəndələri Nizami yurdunun ədəbiyyatsevərləri ilə görüşüblər
Gəncə, 13 iyul, Rauf Hacıyev, AZƏRTAC
“Azərbaycanda şeir və sənət görüşləri” adlı tədbirin iştirakçıları Nizami yurdunda ədəbiyyatsevərlərlə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Məhsəti Gəncəvi Mərkəzində keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri, gənc yazarlar, jurnalistlər və Türkiyədə fəaliyyət göstərən Avrasiya Sənət, Kültür, Ədəbiyyat və Bilim Federasiyasının bir qrup üzvü iştirak edib.
Qonaqları salamlayan AYB-nin Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova turançılıq ideyalarının yayılmasında, türkdilli xalqlar arasında əlaqələrin genişlənməsində, qardaş xalqların ədəbiyyatının təbliğində, gənc yazarların yetişməsində Avrasiya Sənət, Kültür, Ədəbiyyat və Bilim Federasiyası rəhbərinin və üzvlərinin xidmətlərindən danışıb. Bildirilib ki, məhz bu xidmətlərinə görə federasiyanın rəhbəri Savaş Ünal AYB Gəncə bölməsi tərəfindən təltif olunub.
Tədbirdə çıxış edən Savaş Ünal deyib ki, Avrasiya Sənət, Kültür, Ədəbiyyat və Bilim Federasiyası mədəniyyət və sənət dərnəklərinin birgə əməyi nəticəsində yaranıb. Təşkilat dünyanın müxtəlif ölkələrində yaşayan türklərlə görüşmək, mədəniyyət və sənəti inkişaf etdirmək, birgə tədbirlər keçirmək üçün bir sıra addımlar atır.
Bu vaxta qədər beş dəfə Azərbaycanda olduqlarını deyən Savaş Ünal qeyd edib ki, hazırda ölkəmizə Türkiyənin şəhərlərindən, Kərkük və Qazaxıstan türklərindən olmaqla, 50 nəfərlik heyətlə gəliblər. Qrupa rəssamlar, şairlər, yazıçılar, fotoqraflar və həkimlər daxildir. Məqsəd eyni soydan olan insanlarla görüşmək, birliyin daimi olması üçün din və könül bağlılığını təmin etməkdir.
Azərbaycan Yazıçılar Birliyinin şöbə müdiri Sayman Aruz vurğulayıb ki, türk dünyasındakı mədəni əlaqələrin inkişafı baxımından bu tədbirin çox böyük əhəmiyyəti var. Antalyadan başlanan, Rizə, Batumi, Tbilisi və Gəncədə keçirilən tədbir türk dünyası ədəbi–mədəni əlaqələrinin inkişafına, türkdilli xalqların birləşməsinə xidmət edir.
Qeyd edilib ki, paytaxt Bakıda yekunlaşacaq tədbir çərçivəsində sərgi də təşkil olunacaq.