ELM VƏ TƏHSİL
“Türk sonetləri”ndə türklərin əzəməti, qüdrəti, mənəvi dünyası əksini tapıb
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Azərbaycan Dillər Universitetinin (ADU) dosenti, şair, tərcüməçi Sabir Mustafanın “Türk sonetləri” kitabının təqdimatı keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin prorektoru Ələddin Əliyev, ingilis dilinin fonetikası kafedrasının müdiri Fərman Zeynallı, professorlar Məhəmməd Teymurlu, Adil Babayev və başqaları şairin yaradıcılığından, kitabın məziyyətlərindən söz açıblar. Natiqlər türklərin tarixi, keçmişi, keçdiyi ömür yolundan bəhs edən bu kitabın hər sonetinin türklərin əzəmətini, qüdrətini, mənəvi dünyasını əks etdirdiyini söyləyiblər.
Qeyd olunub ki, S.Mustafa, ilk növbədə, ingilis şairi və dramaturqu Uilyam Şekspirin sonetlərinin, məşhur faciələrinin orijinalından dilimizə tərcüməçisi kimi tanınır. Əsərləri ilə oxucuların rəğbətini qazanan şairin yaradıcılığında “Türk sonetləri” əsas yer tutur. Şair bu kitabda oxucularına 263 sonet təqdim edib.
Sonda S.Mustafa tədbirin təşkilatçılarına və iştirakçılarına dərin təşəkkürünü bildirib, kitab haqqında ətraflı məlumat verib.