REGİONLAR
Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Gəncəyə səfər edib VİDEO
Gəncə, 1 iyul, Rauf Hacıyev, AZƏRTAC
İyulun 1-də Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Jandos Aslanov Gəncə şəhərinə səfər edib.
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin müavini Elnur Rzayev qonağa şəhərin qədim və zəngin tarixi, mədəniyyəti, müasir inkişafı, həmçinin hazırda həyata keçirilən yerli və beynəlxalq layihələr haqqında məlumat verib. Bildirilib ki, Gəncə şəhəri 2016-cı ildə Avropanın Gənclər Paytaxtı seçilib. Bu vaxta qədər şəhərdə ölkə və beynəlxalq əhəmiyyətli bir sıra tədbirlər həyata keçirilib. Mədəni tədbirlər çərçivəsində çoxsaylı xarici qonaqlar Gəncə şəhərinə səfər ediblər.
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev Azərbaycan ilə türkdilli ölkələrin siyasi-iqtisadi, mədəni əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb. Vurğulanıb ki, hazırda Azərbaycan ilə digər türkdilli ölkələr arasında münasibətlər yüksələn xətlə inkişaf edir.
Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi Jandos Aslanov Gəncədə olmaqdan məmnunluğunu bildirib. Şəhərə gəlişinin məqsədi haqqında məlumat verən Jandos Aslanov qeyd edib ki, Azərbaycanın regionları ilə tanışlıq çərçivəsində bu, onun Gəncəyə ilk rəsmi və işgüzar səfəridir.
Jandos Aslanov Gəncə haqqında müəyyən tarixi biliklərə sahib olduğunu deyib, türk və İslam dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncə şəhərinə səfərinin onda böyük təəssürat doğurduğunu diqqətə çatdırıb.
Daha sonra bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.