ELM VƏ TƏHSİL
Türkdilli abidələr üzərində səmərəli araşdırmalar uğurla davam etdirilir
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutunun türkdilli əlyazmaların tədqiqi şöbəsinin əsas fəaliyyət istiqaməti Azərbaycan və başqa türk xalqlarının bu elm müəssisəsində saxlanılan anadilli abidələrinin tədqiqi, transfoneliteratik və fotofaksimile nəşri, müxtəlif nüsxələr əsasında elmi-tənqidi mətnlərin tərtibi, linqvistik, ədəbiyyatşünaslıq, kulturoloji mətnşünaslıq məsələləri ilə bağlı elmi-nəzəri tədqiqat işlərinin aparılmasıdır. Eyni zamanda, institut tarixi abidələrin mənbəşünaslıq istiqamətində tədqiqi ilə məşğul olur.
AZƏRTAC xəbər verir ki, institutda türkdilli abidələrin sayının 4 min 324 olduğu dəqiqləşdirilib.
Türkdilli əlyazmalar kataloqunun iki cildi nəşr edilib. Tarixə, din və fəlsəfə tarixinə dair əlyazmalar ayrıca təsvir olunmaqdadır. 750-dək şəxsiyyətin 12.000-dən artıq əlyazma nüsxəsini özündə əks etdirən “Azərbaycanlı müəlliflərin əlyazmalarının toplu kataloqu (Şərq əlyazma kataloqları əsasında)” nəşrə hazırlanıb. Onlarla türkdilli abidə şöbənin əməkdaşları tərəfindən transfoneliterasiya edilərək çap olunub.
Hazırda şöbədə türkdilli abidələr üzərində səmərəli araşdırmalar uğurla davam etdirilir.