SİYASƏT
Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə toplantısında qəbul edilmiş Naxçıvan Bəyannaməsinin reallıqları
Qazaxıstanın paytaxtı Astanada fəaliyyət göstərən Türk Akademiyasında “Türk dünyasında inteqrasiya: humanitar və iqtisadi aspektlər” mövzusunda beynəlxalq elmi seminar keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, seminarda türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də keçirilən Naxçıvan Zirvə toplantısının 5 illik nəticələrinə elmi baxımdan yekun vurulub, bu əsasda Naxçıvan Muxtar Respublikasının 90 illiyi qeyd olunub.
Beynəlxalq seminarda Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırali türk dünyasında inteqrasiya proseslərinin genişlənməsində, sistemli və ardıcıl xarakter daşımasında Naxçıvan Zirvə görüşündə yaradılmış Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rolundan və əhəmiyyətindən söhbət açıb.
Qeyd olunub ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentlərinin 2009-cu il oktyabrın 3-də Zirvə görüşündə imzaladıqları Naxçıvan Bəyannaməsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin istiqamətləndirilməsində və tənzimlənməsində mühüm əhəmiyyət kəsb edib. Türk Akademiyasının, Türk Dövlətləri Universitetləri Assosiasiyasının, Mədəniyyət Fondunun yaradılması, türk dünyası üçün xüsusi aktuallıq kəsb edən bir sıra beynəlxalq simpoziumların keçirilməsi, türkologiyanın qızıl fondunu təşkil edən nadir əsərlərin yenidən nəşri, ortaq tədqiqatların və layihələrin formalaşdırılması, ortaq televiziya kanalının təşkili ideyasının irəli sürülməsi Naxçıvan Bəyannaməsindən sonrakı beş ilin əsas yekunları kimi nəzərə çarpdırılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli seminarda “Naxçıvan Sammiti və türk dünyasının inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə 2009-cu ildə Naxçıvan Zirvə toplantısının keçirilməsi ölkə Prezidentinin Sərəncamı ilə 90 illik yubileyi dövlət səviyyəsində qeyd olunan muxtar respublikanın keçdiyi inkişaf yolunun əlamətdar tarixi hadisələrindən biri kimi yüksək qiymətləndirilib. Akademik İ.Həbibbəyli, eyni zamanda, türk dünyasının da tarixinə daxil olan və müasir mərhələdə inteqrasiya proseslərinə təkan verən Naxçıvan Bəyannaməsinin elmi-mədəni mühitin inkişafındakı konkret nəticələrindən və perspektivlərindən danışıb, bu fonda Naxçıvanın tarixinin və müasir inkişafının əhəmiyyətli hadisələrini diqqət mərkəzinə çəkib. Naxçıvan Sammitinin işığında muxtar respublikanın 90 illiyinin Astanada Türk Akademiyasında qeyd edilməsinin inteqrasiya baxımından əhəmiyyətli hadisə olması nəzərə çarpdırılıb. Məruzədə yeni tarixi mərhələdə elm, təhsil və mədəniyyət sahələrində əlaqələrin daha səmərəli təşkili və inkişafı üçün təkliflər də səsləndirilib.
Seminarda çıxış edən Qırğızıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Abdulcan Əkmətəliyev, Türkiyəni təmsil edən professor Nevzət Şimşək, Qazaxıstan alimləri Edil Kulamkadırlı, İlyas Əytinbet, Kayırbek Arıstambekov, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli Naxçıvan Sammiti və Naxçıvan Bəyannaməsinin işığında türk dünyasında inteqrasiya proseslərinin mühüm yekunlarından, gələcək inkişaf meyillərindən danışıb, təkliflər irəli sürüblər.
Beynəlxalq seminarda türk dünyasının bundan sonrakı inteqrasiya proseslərinə dair konsepsiyanın hazırlanması üçün irəli sürülən təkliflər müzakirə edilib və həmin təkliflərin Əməkdaşlıq Şurasına təqdim edilməsi qərara alınıb.
Bundan başqa, Türk Akademiyasının illik nəşri olan “Türk Almanaxı” toplusunda Naxçıvan Sammitində iştirak etmiş türkdilli ölkələrin dövlət başçılarının çıxışları, Naxçıvan Bəyannaməsinin və Naxçıvan Sazişinin tam mətnləri ingilis dilində çap olunub. Türk Akademiyasının prezidenti, professor Darxan Kıdıralinin “Böyük tarixi əhəmiyyətə malik olan Bəyannamə” adlı məqaləsində Naxçıvan Bəyannaməsinin mahiyyəti aydınlaşdırılıb, əhəmiyyəti əsaslı şəkildə şərh edilib, həyata keçirilmiş genişmiqyaslı tədbirlərin elmi təhlili verilib. “Türk Almanaxı”nda Naxçıvan Samitinin keçirildiyi zaman çəkilmiş şəkillər də yer alıb.