SİYASƏT


Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının qurultayı keçirilib

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) IV növbədənkənar hesabat-seçki qurultayı keçirilib. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Məsim Hacıyev, Azərbaycan, Türkiyə media qurumlarının, yerli özünüidarəetmə orqanlarının, Kocaeli valiliyinin nümayəndələri, TADEF-ə üzv olan, həmçinin əməkdaşlıq edən təşkilatların təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan qurultayda əvvəlcə səsvermə əsasında rəyasət heyətinin tərkibi seçilib, daha sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib. Gündəliyə uyğun olaraq idarə heyətinin və nəzarət-təftiş komissiyasının 2013-2016-cı illər üçün hesabatları dinlənilib.

İdarə heyətinin adından çıxış edən TADEF sədri Bilal Dündar təşkilatın ötən müddətdə həyata keçirdiyi tədbirlər haqqında ətraflı məlumat verərək bu layihələrin Azərbaycan və Türkiyə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə, Azərbaycanın Türkiyədə, eləcə də dünyada daha yaxından tanıdılmasına, ortaq problemlərin həlli istiqamətində birgə fəaliyyətə xidmət etdiyini bildirib. Bilal Dündar iki qardaş dövlətin münasibətlərinin tarixinə toxunaraq qeyd edib ki, 1918-ci ildə Bakının işğaldan azad olunmasında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın müstəsna xidmətləri, eləcə də Çanaqqala savaşında Azərbaycandan Türkiyəyə gələn minlərlə könüllünün iştirak edərək qəhrəmancasına şəhid olması bu qardaşlığın bariz nümunəsidir.

TADEF sədri federasiyanın Türkiyənin kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, dövlət orqanları və Böyük Millət Məclisi ilə yaxşı əlaqələrə malik olduğunu, gələcəkdə bu əlaqələrin daha da dərinləşdiriləcəyini vurğulayıb. O, həmçinin, “Kocaeli" qəzetinin hər il təşkil etdiyi “Zirvədəkilər” mükafatının 2012-ci ilin qeyri-hökumət təşkilatı nominasiyasında qalibi seçilməsini TADEF-in fəaliyyətinə verilən qiymət kimi dəyərləndirib. Təşkilat rəhbəri Kocaelidə təhsil alan bir qrup azərbaycanlı tələbəyə təqaüdün ayrılmasına nail olduqlarını və bunun davam etdiriləcəyini də bildirib.

B.Dündarın hesabatından sonra nəzarət-təftiş komissiyasının hesabatları ilə bağlı səsvermə keçirilib və yekdilliklə qəbul edilib. Daha sonra səsvermə əsasında idarə heyətinin və nəzarət-təftiş komissiyasının yeni tərkibi müəyyən olunub. Bilal Dündar növbəti müddət üçün yenidən federasiyanın rəhbəri seçilib.

Sonda qurultay iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət ünvanlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.