SİYASƏT
Türkiyə-Azərbaycan Dərnəyi ölkəmizin Dövlət Müstəqilliyi Günü münasibətilə müraciət yayıb
İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyi (İSTAD) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 23-cü ildönümü münasibətilə dünya ictimaiyyətinə müraciət edib.
Müraciətdə 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yol və bu hökumətin süqutunun səbəbləri, XX əsrin sonlarında dövlət müstəqilliyinin bərpası prosesində Azərbaycan xalqının qarşılaşdığı çətinliklər, milli-azadlıq mübarizəsi, Vətənimizin bütövlüyü uğrunda şəhidlərimizin qəhrəmanlığı, Azərbaycan - Türkiyə münasibətlərinin inkişafı məsələlərindən bəhs edilir.
İSTAD-ın sədri Səfər Qaraqoyunlunun imzası ilə yayılmış, müraciətdə “Azərbaycan Qafqazın parlayan günəşdir. Ölkədəki hərtərəfli inkişaf, əzəmətli nailiyyətlər dünyanın hər yerindən heyranlıqla seyr olunur” kimi, fikirlər yer alıb.
Sənəddə, həmçinin bildirilir ki, Azərbaycan xalqı heç zaman Xocalı soyqırımının acısını unutmayacaq, Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqlarını nəyin bahasına olursa olsun azad edəcək, tezliklə üç rəngli bayrağımız Şuşada dalğalanacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul