SİYASƏT
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu canlı yayımda Xocalı soyqırımına etiraz edib
İstanbul, 28 fevral, AZƏRTAC
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri “TRT HABER” kanalının canlı yayımında Xocalı soyqırımına etiraz bəyanatı ilə çıxış ediblər.
Dostluq qrupunun rəhbəri Necdət Ünüvar dünya birliyinin diqqətini bir daha 1992-ci fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırımına yönəldərək bildirib ki, bu, təkcə Azərbaycan xalqına qarşı deyil, insanlığa qarşı törədilmiş hərbi cinayətdir. Qeyd olunub ki, bu qanlı hadisəyə indiyədək obyektiv hüquqi-siyasi qiymət verilməməsi dünyada ikili standartların mövcudluğunu bir daha təsdiqləyir.
Xocalı soyqırımı qurbanlarına Allahdan rəhmət diləyən qardaş ölkənin deputatları bəyan ediblər ki, hər zaman Azərbaycanın yanında olan Türkiyə ölkəmizin ərazi bütövlüyünün bərpa olunması istiqamətindəki səylərini bundan sonra da davam etdirəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul