DÜNYA


Türkiyə Böyük Millət Məclisində təmsil olunan dörd partiya birgə bəyanatla çıxış edib

A+ A

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 16-da yerli vaxtla saat 17-də Türkiyə Böyük Millət Məclisinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, deputatlar əvvəlcə dövlət çevrilişinə cəhd nəticəsində həlak olanların xatirəsi yad edilib, Türkiyənin dövlət himni – “İstiqlal marşı” səslənib.

Parlamentin sədri İsmail Kahraman çıxış edərək bildirib ki, xalqımıza bu faciəni yaşadanlar layiq olduqları cəzanı alacaqlar. Bildirib ki, Türkiyə xalqı, siyasi partiyalar, sadə vətəndaşlar, həmçinin Türkiyə parlamentinin deputatları güclü siyasi iradə nümayiş etdirərək qiyamçıların öz məqsədlərinə nail olmalarına imkan verməyib. İ.Kahraman Türkiyə tarixində ilk dəfə olaraq, parlamentə atəş açılmasını dərin təəssüf hissi ilə qeyd edib.

Sonra Türkiyə Böyük Millət Məclisində təmsil olunan dörd partiyanın - Ədalət və İnkişaf (AKP), Cümhuriyyət Xalq (CHB), Xalqların Demokratik (HDP) və Milliyyətçi Xalq partiyalarının (MHP) təmsilçiləri çıxış ediblər.

AKP adından danışan parlamentin deputatı, Baş nazir Binəli Yıldırım dövlət çevrilişinin qarşısının alınmasında mühüm rol oynayan hərbçi, polis, vətəndaşlar, media və QHT-lərə dərin minnətdarlığını bildirib. Qeyd edib ki, xalq küçələrdə azadlığına sahib çıxdığı zaman deputatlar da burada ölkənin azadlığına, demokratiyaya, milli iradəyə möhkəm sarılaraq daha bir parlaq tarix yazıb.

CHP-nin sədri Kamal Kılıçdaroğlu qiyamın türk xalqının respublikaya və demokratiyaya bağlılığını açıq şəkildə ortaya qoyduğunu diqqətə çatdırıb. Xalqımız meydanlara axışaraq demokratiya uğrunda mübarizə etmək haqqını parlaq şəkildə ortaya qoyub. O, parlamentin demokratiyanı və respublika dəyərlərini son ana qədər müdafiə edəcəyini deyib. Belə dövlət çevrilişlərinin bir daha baş verməməsi üçün hər kəs üzərinə düşən vəzifələri yerinə yetirməlidir.

MHP sədri Dövlət Bağçalı bildirib ki, parlamentin bombalanması sözün bitdiyi yerdir. Dünən yaşananlar dövlət çevrilişi təşəbbüsü olduğu qədər xainliklə törədilən terror hücumudur. Demokratiya uçurumdan qayıdıb.

HDP-nin təmsilçisi İdris Baluken təmsil etdiyi partiya adından dövlət çevrilişinə cəhdi şiddətlə qınadığını vurğulayıb.

Çıxışlardan sonra İsmail Kahraman parlamentin birgə bəyannaməsini oxuyub. Bəyannamədə bildirilib ki, Türkiyə Böyük Millət Məclisi qiyamçılara layiqli cavabı verərək göstərdiyi qətiyyət ölkədə demokratiyanın inkişafında mühüm rol oynayıb. Gələcəkdə türk xalqına qarşı yönələn istənilən cəhd Türkiyə Böyük Millət Məclisinin dəmir iradəsi ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.