DÜNYA
Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə sabiq müdafiə naziri İsmət Yılmaz seçilib VİDEO
Ankara, 1 iyul, AZƏRTAC
İyulun 1-də Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə keçirilən seçkilərin dördüncü turunda Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq müdafiə naziri İsmət Yılmaz qalib gəlib. O, 258 səs toplayaraq parlamentin sədri seçilib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, seçkilərin dördüncü turunda üçüncü turda ən çox səs toplayan namizədlər – İsmət Yılmaz və Cümhuriyyət Xalq Partiyasından Dəniz Baykal mübarizə aparıblar. Səsvermədə iştirak edən 547 deputatdan 258-i İ.Yılmaza, 182-si isə D.Baykala səs veriblər. Həmçinin 29 bülleten qutulardan boş çıxıb, 78 səs isə etibarsız sayılıb.
Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə seçkilərdə parlamentdə təmsil olunan digər iki partiyadan - Milliyətçi Hərəkat (MHP) və Xalqların Demokratik partiyalarından (BDP) müvafiq olaraq Ekmələddin İhsanoğlu və Dengir Mir Mehmet Fırat mübarizə aparıblar.
Qeyd edək ki, İsmət Yılmaz 1961-ci ildə Türkiyənin Sivas vilayətində anadan olub. O, 1982-ci ildə İstanbul Texniki Universitetinin dənizçilik, 1987-ci ildə isə İstanbul Universitetinin hüquq fakültələrini bitirib. Təhsilini İsveçdə və ABŞ-da davam etdirən İ.Yılmaz 20 il ərzində dövlət və özəl qurumlarda mühəndis, vəkil işləyib. O, bundan başqa, 2007-ci ildən etibarən nəqliyyat naziri, mədəniyyət və turizm nazirinin müavini vəzifələrində çalışıb. O, 2011-2015-ci illərdə Türkiyənin milli müdafiə naziri olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri,
Ankara