ELM VƏ TƏHSİL


Türkiyə Jandarm və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu elan edilir

Bakı, 19 iyul, AZƏRTAC

Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasına 2017/2018-ci tədris ili üçün kursant qəbulu elan olunur.

Dövlət İmtahan Mərkəzindən ( DİM ) AZƏRTAC-a bildiriblər ki, müsabiqədə DİM tərəfindən I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 250 və daha yüksək bal toplamış aşağıdakı göstəricilərə malik olan abituriyentlər iştirak edə bilərlər:

17-20 yaş arasında olan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar), yaşa uyğun olaraq Türkiyə Respublikası tərəfindən müəyyən olunmuş boy və çəki normalarına uyğun gələn (18 yaşdan aşağı qrupa daxil olan namizədlər üçün minimum boy/çəki standartları - müvafiq olaraq 17 yaş üçün - 168 sm və 52 kq, 18 və yuxarı yaş qrupuna daxil olan namizədlər üçün minimum boy/çəki standartları - 169 sm və 54 - 74 kq arası), sağlamlıq, o cümlədən psixoloji durumu ilə bağlı hər hansı bir problemi olmayan, müvafiq xəstəxanadan “Hərbi kursant ola bilər” qeyd olunmuş arayış alan, nişanlı, evli, dul olmayan və ya hər hansı bir qadınla nikahsız olaraq birlikdə yaşamayan, eləcə də cinayət məsuliyyətinə cəlb olunmayan, nitqində hər hansı bir problemi, kəkələmə, pəltəklik və s. bu kimi qüsurlar olmayan namizədlər iştirak edə bilər.

Qəbul imtahanlarında 250 və daha yüksək bal toplamış 9 (doqquz) nəfər namizəd Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında tibbi müayinələrə və fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunur. Müvafiq yoxlamalardan keçmiş namizədlər Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı Hərbi Attaşeliyi tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər.

Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş üç namizəd Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasına təhsil almağa göndəriləcəklər.

Təhsil müddəti dörd ildir. Dör illik ali təhsildən öncə bir il müddətində ingilis dilindən hazırlıq təlimi keçirilir. İngilis dilini müvafiq səviyyədə bilən kursantlar isə birbaşa I kursdan təhsilə başlayırlar. Kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də müavinətlə təmin olunurlar.

Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm və Sahil Təhlükəsizlik Akademiyasını müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcək. Həmin şəxslərin ən azı 10 il müddətində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit kimi xidmət etmələri məcburidir.

Birinci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilir. Məktəbdən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılır.

Müsabiqədə iştirak etmək istəyənlər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra iyulun 31-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) müraciət etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.