DÜNYA
Türkiyə Prezidenti 15 iyul hadisələri zamanı parlamentin binasına dəymiş ziyanla tanış olub
Bakı, 23 iyul, AZƏRTAC
Parlamentin binası ilə tanış olarkən gördüyüm vəziyyət məni çox kədərləndirdi. Bunu edənlər bu xalqın övladları ola bilməz. Onlar yalnız hərbi forma geyinmiş qatı terrorçulardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 15-də baş vermiş dövlət çevrilişi cəhdi zamanı Türkiyə Böyük Millət Məclisinin binasının bombalanmasından sonra dəymiş ziyanın nəticələri ilə tanış olduqdan sonra parlamentdəki çıxışında bildirib.
“Ölkəmizdə bir neçə terror təşkilatının - İŞİD-in, PYD-nin, YPG-nin olduğunu bilirdik. Son hadisələri törədənləri idarə edən Pensilvaniyadakı şəxs bizə meydan oxuyur. Onun tərəfdarlarını da tanıyırdıq, lakin onlar başqa cür tanınırdılar. Deyirdilər ki, onlar dini qrupdur, təhsillə məşğul olurlar, silahla əlaqələri yoxdur. Onlar bu xalqın ödədiyi vergilərlə, bu xalqın pulu ilə alınmış silahı, təyyarələri, helikopterləri, tankları, ağır silahları xalqa qarşı istifadə edəcək qədər alçaq, xain və namuszusdurlar”, - deyə Prezident qeyd edib.
Qiyamın ölkəyə vurduğu ziyanın görüntülərinin Xarici İşlər Nazirliyi tərəfindən bütün dünya ölkələrinə göndəriləcəyini deyən dövlət başçısı bildirib ki, 15 iyul hadisələri zamanı Türkiyə xalqı dünyaya nümunə göstərdi. “Mənim xalqım tankların qarşısında mərdliklə dayandı, uşaqdan böyüyə qədər hamı şəhidlik üçün hazır idi”, - deyə Prezident qeyd edib. O, dövlət çevrilişi cəhdinə lazımi dərsi xalqın verdiyini, meydanlardakı insanların sayının gündən-günə artdığını diqqətə çatdırıb.
Həbs edilənlərin sayının çox olmasına toxunan dövlət başçısı qeyd edib ki, bu dövrdə məhkəmənin tam gücü ilə fəaliyyət göstərməsi və demokratik, hüquqi dövlətdə Konstitusiyanın, qanunların tələbinin operativ və dəqiq yerinə yetirilərək qərarların qəbul olunması bizim xoşbəxtliyimizdir.