CƏMİYYƏT
Türkiyə Prezidenti: İstanbulda demokratiya və şəhidlər mitinqində Azərbaycanın və Şimali Kiprin də bayraqları dalğalana bilər VİDEO
Bakı, 4 avqust, AZƏRTAC
Avqustun 7-də İstanbulda keçiriləcək demokratiya və şəhidlər mitinqində Türkiyənin dövlət bayrağından başqa yalnız Azərbaycanın və Şimali Kiprin bayraqları dalğalana bilər. Çünki Azərbaycan və Şimali Kipr ailəmizin üzvləridir.
AZƏRTAC Türkiyənin “TRT Haber” telekanalına istinadla xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ticarət palataları və birjalarının rəhbərləri ilə keçirdiyi toplantıda deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə keçirilən demokratiyaya dəstəklə bağlı bütün mitinqlərdə Azərbaycanın və Şimali Kiprin bayraqlarının da dalğalandırılmasının xoş bir ənənənə olduğunu vurğulayıb.
İstanbulun Yeniqapı meydanında “Demokratiya və şəhidlər” şüarı altında demokratiyaya dəstək mitinqi 15 iyul dövlət çevrilişinə cəhddən sonra təşkil edilən mitinqlərin ən izdihamlısı olacaq. Bu mitinqdə Türkiyənin siyasi partiyalarının liderləri, tanınmış şəxslər, incəsənət xadimləri, idmançılar da iştirak edəcəklər.