DÜNYA
Türkiyə Prezidenti Özbəkistanda səfərdədir
Səmərqənd, 18 noyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistanda səfərdədir.
Səfər çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidentinin səlahiyyətlərini icra edən Baş nazir Şavkat Mirziyayevlə görüşüb.
Görüşdə Özbəkistan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin indiki vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, tərəfləri maraqlandıran regional və beynəlxalq məsələlər müzakirə edilib.
Türkiyə Prezidenti dekabrın 4-də Özbəkistanda keçiriləcək prezident seçkilərində Şavkat Mirziyayevə uğurlar arzulayıb, iki ölkə arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.
R.T.Ərdoğan prezident seçiləcəyi təqdirdə Ş.Mirziyayevi Türkiyəyə səfərə dəvət edib.
Səfər çərçivəsində Türkiyə dövlətinin başçısı Özbəkistanın birinci Prezidenti İslam Kərimovun məzarını ziyarət edib, onun xatirəsinə ehtiramını bildirib.
Türkiyə Prezidenti Səmərqəndin tarixi abidələrinə də baxıb, o cümlədən İmam-əl Buxarinin məqbərəsini ziyarət edib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Səmərqənd