İQTİSADİYYAT


Türkiyə Prezidenti: TANAP Avropanın enerji təhlükəsizliyi üçün vacibdir

A+ A

Bakı, 9 avqust, Nihad Budaqov, AZƏRTAC

Trans-Anadolu qaz boru kəməri (TANAP) Avropanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayır.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Azərbaycan təbii qazını Avropaya çatdıracaq TANAP və TAP qaz boru kəmərləri qitənin Rusiya qazından asılılığını azaltmaq baxımından istehlakçıları üçün xüsusi əhəmiyyət daşıyır. Bu məsələdə isə məsuliyyətin böyük bir hissəsi Türkiyənin üzərinə düşür.

Qeyd edək ki, TANAP “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 9,2 milyard dollardır.

Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi - Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əşkişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düyüm diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.

Bu il iyunun 25-dək layihənin birinci mərhələsi üzrə mühəndislik işləri başa çatıb. Bu dövrədək 920 kilometr uzunluğunda (69 faiz) xəndək qazılıb, 803 kilometrlik (60 faiz) borular sahələrdə düzülüb və 700 kilometr (53 faiz) borunun isə qaynağı tamamlanıb. Hazırda layihə üzrə təkcə tikinti işləri çərçivəsində 6 min nəfər çalışır. Ümumilikdə isə layihə üzrə təxminən 15 min nəfərin məşğulluğu təmin edilib.

Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.