DÜNYA
Türkiyə Prezidenti: Xalq meydanlara axışaraq dövlət çevrilişi cəhdinin qarşısını aldı
Bakı, 19 iyul, AZƏRTAC
İyulun 15-də baş verənlər terror hücumu idi. Türkiyə xalqı meydanlara axışaraq dövlət çevrilişi cəhdinin qarşısını aldı.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan “CNN International” kanalına müsahibəsində deyib.
Bununla bağlı lazımi addımların atıldığını qeyd edən Türkiyə Prezidenti xalqını, ölkəsini sevən hər kəsi dövlətə və demokratiyaya sahib çıxmağa səsləyib. O vurğulayıb ki, son hadisələr xalqın çevriliş etmək istəyənlərə verdiyi ən böyük dərs oldu. Türkiyədə çevrilişə cəhddə iştirak edənlərin həbs olunmaları davam edir. Hazırda 109 hakim və prokuror saxlanılıb. Ümumilikdə, 2745 hakim və prokurorlar barəsində həbs qərarı verilib.
Qeyd edək ki, “Milliyyet” qəzeti hərbi çevrilişin iyulun 16-da saat 03:00-də başlanmasının nəzərdə tutulduğunu, lakin planın üstü açıldığından qiyamçıların bir neçə saat tez hərəkət etməyə məcbur olduqlarını yazıb.