DÜNYA


Türkiyə Prezidenti: Xalqımız onun birliyinə qarşı yönəlmiş təxribatların qarşısını almaqdadır

A+ A

İstanbul, 21 avqust, AZƏRTAC 

Avqustun 20-də Türkiyə vaxtı ilə 22.40-da ölkənin Qaziantep şəhərinin Şahinbəy rayonunun Beybahçə məhəlləsində açıq havada keçirilən toy mərasimində 30 nəfərin ölümü, 94 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra bölgədə təhlükəsizlik tədbirləri daha da gücləndirilib.

İlkin ehtimala görə, qanlı hadisə terrorçu kamikadzenin özünü partlatması nəticəsində baş verib.

Partlayışdan sonra Qaziantepin mərkəzi küçə və meydanlarında terror əleyhinə etirazlar başlanıb. Türkiyə bayrağına bürünən vətəndaşlar terrorçuları lənətləyən şüarlar səsləndiriblər.

Prezident Rəcəb Tayyib Ərdoğan həlak olanlara Allahdan rəhmət, yaralananlara şəfa diləyib. Dövlət başçısı bildirib ki, 30 ildən çoxdur davam edən PKK terrorları, 15 iyulda baş vermiş dövlət çevrilişinə cəhd xəyanəti və İŞID terrorçu-kamikadzelərinin həyata keçirdikləri qanlı hadisələr Türkiyə xalqının birliyinə yönəlmiş təxribatlardır. Türkiyə milləti mətinliklə bu təxribatların qarşısını almaqdadır.

Türkiyənin Radio və Televiziya Ali Təşkilatı (RTÜK) əhali arasında çaşqınlıq yaranmaması üçün terrorla bağlı canlı yayımlara müvəqqəti qadağa qoyub.

Qardaş ölkə KİV-lərinin məlumatına görə, İraq İslam Şam Dövləti (İŞID) terrorçu qruplaşmasının Suriyadan Türkiyə ərazisinə atdığı raket mərmisi Qaziantep bölgəsinə - Karıkamışdakı boş ərazilərə düşüb. Bunun ardından bölgədə Suriya ilə bəzi sərhəd ərazilərində 15 günlük təhlükəsizlik zonası elan olunub. Türkiyə ərazisindən İŞID hədəflərinə qarşı toplardan atəş açılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.