DÜNYA
Türkiyə Prezidentinin Latviyaya səfəri əməkdaşlıq üçün yeni imkanlar yaradır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə Latviyada rəsmi səfərdə olub. Səfər çərçivəsində prezidentlər və nümayəndə heyətləri arasında ikitərəfli danışıqlar aparılıb, bu danışıqların yekunlarına əsasən mətbuat konfransı keçirilib.
Riqada keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyənin Avropa İttifaqına qəbul edilməsi Aİ üçün strateji qərar olmalıdır. Türkiyə Aİ-yə öz rifahını yaxşılaşdırmaq üçün deyil, Aİ-nin təmsil etdiyi qlobal dəyərlərə qoşulmaq üçün daxil olmaq istəyir. Türkiyə lideri deyib: “Biz əminik ki, Latviyanın Aİ Şurasında sədrliyi dövründə Türkiyənin bu birliyə daxil olması istiqamətində irəliləyiş olacaq”.
Riqada Latviya-Türkiyə biznes-forumunun açılışında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Latviya Prezidenti Andris Berzinşə təşəkkürünü bildirib. Aİ-yə ilk səfərini məhz Prezident Berzinşin dəvəti ilə Latviyaya etdiyini vurğulayan Türkiyə Prezidenti deyib: “Aydın məsələdir ki, əməkdaşlığın genişlənməsi hər iki ölkənin iqtisadiyyatının xeyrinə olacaq”.
R.T.Ərdoğan Türkiyəni xarici investisiyalar üçün cəlbedici ölkə kimi səciyyələndirib, çünki son bir neçə ildə Yaxın Şərqdə baş verən proseslərdə iştirak etməyən Türkiyə bu regionda sülhü və sabitliyi təmin etməyə çalışır.
Biznes-forumda qeyd edilib ki, 2013-cü ildə Latviyanın xarici ticarət tərəfdaşları arasında Türkiyə 23-cü yeri tutub. İki ölkə arasında əmtəə və xidmətlər dövriyyəsinin həcmi 248,8 milyon avroya bərabər olub. Latviyadan Türkiyəyə metal məmulatlar, oduncaq, torf, maşın və mexanizmlər, Türkiyədən Latviyaya isə zərgərlik məhsulları, toxuculuq malları, metal məmulatlar, meyvə və tərəvəz ixrac edilir.
Oktyabrın 23-də Latviya parlamentində Türkiyə Prezidenti ilə görüş olub. Həmin görüşdə Latviya Seyminin spikeri Solvita Aboltinya bildirib ki, Latviya Avropa İttifaqının daha da genişlənməsini və Türkiyənin Aİ üzvlüyünə namizədliyini qətiyyətlə dəstəkləyir.
Elə həmin gün Prezident Ərdoğanın rəsmi səfəri çərçivəsində Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş olub. E.Rinkeviçs təsdiqləyib ki, Latviya Türkiyənin Avropa İttifaqına inteqrasiyasını dəstəkləməkdə davam edir. Yeni Avropa Komissiyasının işə başlaması faktiki olaraq Latviyanın Aİ şurasında sədrliyə başlaması ilə eyni vaxta düşür. Beləliklə, Aİ ilə Türkiyə arasında əlaqələrin inkişafı üçün yeni imkanlar yaranır.
E.Rinkeviçs vurğulayıb ki, Latviya Türkiyənin beynəlxalq hüquq çərçivəsində fəaliyyətini - Suriyanın kürdlər yaşayan Kobani şəhərindən olan qaçqınları qəbul etməsini və bu şəhəri özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmanın hücumlarından qorumağa kömək göstərməsini başa düşür və dəstəkləyir.
Söhbətdə Aİ ilə Türkiyə arasında münasibətlər məsələsinə də toxunulub, viza rejiminin liberallaşdırılması prosesini davam etdirməyin zəruriliyi vurğulanıb. Beynəlxalq ticarət sahəsində Türkiyə ilə Aİ arasında Gömrük İttifaqı haqqında Sazişin modernləşdirilməsi, habelə Transatlantik Ticarət və İnvestisiya tərəfdaşlığı məsələləri də müzakirə edilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa