DÜNYA


Türkiyə Rusiyaya “Türk axını”nın inşasının yarı-yarıya maliyyələşdirilməsini təklif edib

A+ A

Bakı, 11 avqust, Nihad Budaqov, AZƏRTAC

Türkiyə Rusiyaya “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) hər iki ölkənin ərazisindən keçən hissəsinin tikintisinin yarı-yarıya maliyyələşdirilməsini təklif edib.

AZƏRTAC “haberturk.com”a istinadla xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. O bildirib: “Layihə üzrə hər hansı bir çətinlik yoxdur. Rusiyaya boru kəmərinin hər iki ölkənin ərazisindən keçən hissəsinin inşasının yarı-yarıya maliyyələşdirilməsini təklif etdik. Belə ki, boru kəməri Türkiyə ərazisinə çatanadək dənizin altından keçəcək. Sonra həmin hissəyə də yarı-yarıya investisiya qoyuluşu həyata keçirmək barədə razılıq əldə olundu”.

Qeyd edək ki, ötən günlərdə Rusiyanın energetika naziri Aleksandr Novak Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşünü şərh edərkən “Türk axını” qaz boru kəməri üzrə ilk boru xəttinin tikintisinə 2019-cu ilin ikinci yarısında başlanıla biləcəyini deyib.

İyunun 28-də isə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin “Türk axını” layihəsi üzrə Türkiyə tərəfi ilə danışıqların yenidən başlanması üçün dialoqa hazır olduğu bildirilmişdi.

Xatırladaq ki, ötən ilin noyabrında Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk axını” layihəsi üçün Türkiyə ilə danışıqların dayandırıldığını demişdi. “Gazprom” “Türk axını” kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına da qərar vermişdi.

“Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.