DÜNYA
Türkiyə Silahlı Qüvvələri İŞİD-in Suriyadakı 82 hədəfini vurub
İstanbul, 24 avqust, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələri koalisiya təyyarələrinin dəstəyi ilə Suriyanın şimalında yerləşən Hələb şəhərinin Cerablus və Keklicə rayonlarında İŞİD terrorçularının mövqelərini məhv etmək üçün əməliyyat keçirib. Türkiyə ərazisindən açılan top atəşləri ilə isə Cerablusdakı 70 hədəf dağıdılıb. Daha 12 hədəf isə F-16 təyyarələri tərəfindən vurulub.
Silahlı Qüvvələrin Baş qərargah rəisi, ordu generalı Hulusi Akar və digər komandirlər hərbi qərargah mərkəzində əməliyyatı izləyiblər.
Son günlər İŞİD terrorçu qruplaşmasının Türkiyənin Qaziantep bölgəsinin Karkamış qəsəbəsinə raket atması dövləti əlavə tədbirlər görməyə məcbur edib. Vəziyyətlə əlaqədar Karkamışın bəzi sakinləri təhlükəsiz yerlərə köçüblər. Bölgədəki bəzi rayonlarda fövqəladə vəziyyət tətbiq edilib, bəziləri isə təhlükəsizlik ərazisi elan olunub.
Cerablus əməliyyatı Türkiyə sərhədlərinin təhlükəsizliyinə və terrorçu qruplaşmalardan təmizlənməsinə, habelə Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul