SİYASƏT
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub
Bakı, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Oqtay Əsədov son vaxtlar Türkiyədə törədilən terror hadisələri nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib, yaralananlara şəfa diləyib.
Milli Məclisin sədri deyib ki, Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir və əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır.
Oqtay Əsədov bildirib ki, iki ölkə arasında hərbi sahədə əlaqələr də yüksək səviyyədədir. O, son illər həm Azərbaycanda, həm də Türkiyədə keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini qeyd edib.
Milli Məclisin sədri əlaqələrimizin iqtisadi sahədə də çox yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirib ki, 2020-ci ilədək Azərbaycanın Türkiyə iqtisadiyyatına yatıracağı sərmayələrin həcmi 20 milyard dollara çatacaq. Türkiyə şirkətləri də Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyublar.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığı yüksək qiymətləndirib, həyata keçirilən birgə təlimlərin önəmli olduğunu vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.