DÜNYA
Türkiyə “Türk axını”nın inşasına başlamaq üçün Rusiya tərəfi ilə danışıqlara başlayıb
Bakı, 19 avqust, Nihad Budaqov, AZƏRTAC
Türkiyə “Türk axını” qaz boru kəmərinin (Turkish Stream) tikintisinə başlamaq üçün Rusiya tərəfi ilə danışıqlara başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak “TRT Haber” telekanalına müsahibəsində məlumat verib. Nazir Ankara-Moskva münasibətlərinin əvvəlki səviyyəsinə qayıdacağına ümidvar olduğunu deyib. B.Albayrak ikitərəfli münasibətlərin normallaşmasının hər iki ölkəyə fayda verəcəyini düşünür.
Qeyd edək ki, ötən günlərdə Rusiyanın energetika naziri Aleksandr Novak “Türk axını” layihəsi üzrə Rusiya ilə Türkiyə arasında hökumətlərarası sazişin oktyabrda imzalana biləcəyini bildirmişdi. A.Novak həmçinin Rusiya və Türkiyə prezidentlərinin Sankt-Peterburq görüşünü şərh edərkən “Türk axını” üzrə ilk boru kəmərinin tikintisinə 2019-cu ilin ikinci yarısında başlanılacağını demişdi.
İyunun 28-də isə Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin “Türk axını” layihəsi üzrə Türkiyə tərəfi ilə danışıqların yenidən başlanması üçün dialoqa hazır olduğu bildirilmişdi.
Xatırladaq ki, ötən ilin noyabrında Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra “Gazprom”un idarə heyətinin sədri Aleksey Miller “Türk axını” layihəsi üçün Türkiyə ilə danışıqların dayandırıldığını demişdi. “Gazprom” “Türk axını” kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına da qərar vermişdi.
“Türk axını” ilə Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılması nəzərdə tutulur. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihə üzrə iki boru kəmərinin tikilməsi nəzərdə tutulur.