DÜNYA
Türkiyə Venesueladan neft koksunu alaraq digər bazarlara satacaq
Bakı, 16 yanvar, Nihad Budaqov, AZƏRTAC
Türkiyə Venesueladakı neft emalı zavodundan istehsal olunan neft koksunu rəqabətədavamlı bir qiymətə alaraq digər bazarlara satacaq.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Neft və Dağ-mədən Sənayesi Nazirliyi arasındakı imzalanan müqaviləyə görə, Türkiyənin “Turkish Petroleum International Company” şirkəti Venesueladakı zavoddan neft koksunu rəqabətədavamlı bir qiymətə alaraq digər bazarlara satışını həyata keçirəcək. Bu satışdan əldə olunacaq gəlir isə Venesueladakı mövcud liman və daşınma sisteminin təkmilləşdirilməsinə sərf olunacaq.
Venesuela Dövlət Neft və Qaz Şirkəti iki ölkə arasındakı neft koksu layihəsinin icra müddəti ərzində və sonra lazımi maliyyə dəstəyi üzrə zəmanəti təmin edəcək. Birgə enerji strategiyaları əsasında Türkiyədə, Aralıq dənizi hövzəsində neft yığım bazasının qurulması üçün işlərə başlanılacaq.