SİYASƏT
Türkiyə XİN: Ermənistan hərbçilərinin mülki azərbaycanlıları qətlə yetirməsini qətiyyətlə pisləyirik
Bakı, 5 iyul, Əsəd Məmmədov, AZƏRTAC
İyulun 4-də Ermənistan silahlı bölmələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulmasını və bunun nəticəsində 50 yaşlı qadının və iki yaşlı nəvəsinin həyatlarını itirməsini qətiyyətlə pisləyirik. Bu xain hücum nəticəsində həyatlarını itirənlərə Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı verir, yaralanan qadına isə şəfa arzulayırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Ermənistan silahlı bölmələri tərəfindən açılan atəş nəticəsində Azərbaycanın mülki vətəndaşlarının həyatlarını itirməsi ilə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda yer alıb.
Bəyanatda deyilir: “Bu mənfur hadisə Azərbaycan torpaqlarının beşdə birini işğal edən Ermənistanın cəbhə xəttində ağır silahlarla təxribat törətməsini, beynəlxalq hüquqa və insan haqlarına zidd olaraq, dinc sakinləri, xüsusilə uşaq və qadınları hədəfə aldığını göstərir. Beynəlxalq ictimaiyyət bilməlidir ki, Ermənistanın sistemli şəkildə yeritdiyi şiddət siyasəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin qarşısında duran ən böyük əngəldir. Ermənistanın işğal etdiyi torpaqlardan çıxarılması üçün təzyiq göstərilməlidir.
Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində davamlı həlli istiqamətindəki səyləri dəstəkləməyi davam etdirəcək”.