DÜNYA


Türkiyə alman deputatları “İncirlik” bazasına buraxmağa hazırdır

Bakı, 27 may, AZƏRTAC

Türkiyə və Almaniyanın xarici işlər nazirləri alman deputatlarının “İncirlik” aviasiya bazasına buraxılması məsələsini müzakirə edəcək, lakin deputatların arasında Ankaranın terrora dəstək verməkdə ittiham etdiyi şəxslər olmamalıdır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu fikri Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

“Açıq şəkildə terrorçuları dəstəkləyən və praktiki olaraq onlarla birgə hərəkət edən deputatların hərəkəti qənaətbəxş deyil. Hər iki ölkənin xarici işlər nazirləri bu məsələni (alman deputatlarının “İncirlik” bazasına buraxılmasını) öz aralarında müzakirə edəcək və biz qərar qəbul edəcəyik”, - deyə NATO-nun Brüsseldə keçirilən sammitindən qayıdan Türkiyə lideri təyyarənin göyərtəsində jurnalistlərin suallarına cavab verərkən bildirib.

O, həmçinin alman deputatlarının siyahısının məqbul olacağı təqdirdə Türkiyənin onlara bazanı ziyarət etməyə icazə verəcəyini deyib.

Xatırladaq ki, Ankara Bundestaqın bir neçə deputatını PKK qruplaşması ilə əlaqədə günahlandırır.

Bir müddət əvvəl isə Almaniya deputatlar qrupunun “İncirlik” hərbi bazasına nəzərdə tutulan səfərinə bir gün qalmış Türkiyə bunun mümkün olmadığı barədə AFR-in Xarici İşlər Nazirliyini məlumatlandırıb. Buna cavab olaraq Almaniya kansleri Angela Merkel AFR-in hərbi kontingentinin Türkiyədəki “İncirlik” hərbi bazasından qonşu ölkələrə köçürülməsi üçün alternativ axtarmağa davam edəcəyini deyib.

Türkiyə NATO-nun Yaxın Şərqdə vacib üzv-dövlətidir. “İncirlik” aviasiya bazası ABŞ-ın və NATO-nun regionda əsas hərbi bazalarından biridir. Burada İŞİD qruplaşmasına qarşı hava əməliyyatlarında iştirak edən beynəlxalq koalisiya ölkələrinin təyyarələri yerləşir. Almaniya hərbçiləri koalisiyanın İŞİD qruplaşmasına qarşı əməliyyatlarında NATO-nun AWACS radiolokasiya kəşfiyyatı təyyarələri üçün ekipaj formalaşdırılmasına cəlb olunub. Həmçinin Berlin alyansın “İncirlik” bazasında dislokasiya olunan 6 ədəd “Tornado” kəşfiyyatçı-təyyarələrinin köməyi ilə də əməliyyatlara dəstək verir. Bu təyyarələr demək olar ki, hər gün Suriyanın hava məkanında kəşfiyyat missiyası həyata keçirir. Bundesverin mandatı Suriyada yerüstü əməliyyatları nəzərdə tutmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.