DÜNYA
Türkiyə altı ildən sonra İsrailə ilk dəfə səfir göndərir
Bakı, 16 noyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Baş nazirin beynəlxalq məsələlər üzrə müşaviri Kamal Ökəmin İsraildə səfir təyin olunduğunu bildirib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan İsrailin də Türkiyədə öz səfirini təyin etdiyini deyib. Bu təyinat noyabrın 15-də həyata keçirilib.
Beləliklə, Türkiyə altı illik fasilədən sonra İsrailə ilk dəfə səfir göndərir.
İki ölkənin diplomatik münasibətlərində böhran 2010-cu ildə İsrail hərbçilərinin Qəzzə sektorunun blokadasını yarmağa çalışan “Mavi Mərmərə” bərəsinə hücumundan sonra yaranmışdı. Bu hücum nəticəsində 9 nəfər türk həlak olmuşdu. İnsidentlə əlaqədar iki ölkə arasında münasibətlər köklü şəkildə pisləşmiş, hətta səfirlərin geri çağırılması və bir sıra istiqamətlərdə əməkdaşlığın kəsilməsi ilə nəticələnmişdi. Yalnız bu ilin iyununda Ankaranın bir sıra tələbləri nəzərə alınmaqla, tərəflər münasibətlərin normallaşdırılması barədə razılıq əldə edə biliblər.