DÜNYA
Türkiyə dünya gül yağı emalının 65 faizini təşkil edir
Bakı, 29 iyul, Ceyhun Alışov, AZƏRTAC
Dünya gül yağı emalının 65 faizini qarşılayan Türkiyənin İsparta şəhəri son illərdə lavanda bitkisinin sıx olduğu ərazi kimi də tanınır.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, İspartanın Kuyucak kəndi ölkədə lavanda gül emalının 80 faizini təşkil edir. Belə ki, şəhərin Keçiborlu və Kuyucaq kəndləri lavanda bitkisinin çoxluğu ilə diqqəti cəlb edir. Adı çəkilən bitkinin yağından parfümeriya və tibb sektorunda geniş istifadə olunur. Bu ərazilərdən 2013–cü ildə 98 ton, 2014-cü ildə isə 240 ton yaş lavanda çiçəyi yığılıb. İsparta Qida Tarlası və Heyvandarlıq İdarəsinin müdiri Cenk Sölən bildirib ki, Türkiyənin gül emalı istiqamətində birinci yeri tutan lavanda emalı hazırda ölkədə olduqca diqqət göstərilən sahə hesab olunur. Getdikcə ölkədə bu sahəyə tələbat artır və lavanda yağ emalı sahəsi genişləndirilir.
Qeyd edək ki, lavanda yağının 1 kiloqramının qiyməti 20-25 Türkiyə lirəsi civarında dəyərləndirilir.