MƏDƏNİYYƏT
“Türkiyə ədəbiyyatı antologiyası” ictimaiyyətə təqdim olunub
Bakı, 6 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (nəsr) kitabının təqdimat mərasimi keçirilib.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Bakı Yunus Əmrə İnstitutunda baş tutan tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, səfirliyin mədəniyyət müşaviri İrfan Çiftçi, Şimali Kiprin Azərbaycandakı təmsilçisi Ufuk Arca Turganer, Avrasiya Yazarlar Birliyinin sədr müavini, yazıçı Osman Çeviksoy və digər qonaqlar, eləcə də Azərbaycanın tanınmış ziyalıları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tərcümə Mərkəzinin direktoru Afaq Məsud XIX–XXI əsr Türkiyə ədəbiyyatının mənzərəsinin ilk dəfə belə bir akademik formatda təqdim edildiyini deyib. O, kitabın Türkiyə ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində nəzərdə tutulan növbəti ciddi layihələrin ilki olduğu haqqında söz açıb, hazırda Mərkəzdə “Türkiyə şeiri antologiyası” üzərində də işlərə başlanıldığını qeyd edib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iki qardaş ölkənin ədəbiyyatlarının tanıdılması və təbliği istiqamətində Tərcümə Mərkəzinin gördüyü işləri yüksək qiymətləndirib. Bu fəaliyyətin davamlı şəkildə həyata keçirilməsinə böyük ehtiyac duyulduğunu, Mərkəzin ərsəyə gətirdiyi bu kitabın Türkiyə-Azərbaycan qardaşlığının və doğmalığının önəmli timsalı olduğunu qeyd edib.
Türkiyədən tədbirə təşrif buyurmuş Avrasiya Yazarlar Birliyinin sədr müavini Osman Çeviksoy antologiyanın tərtibindən və bədii məziyyətlərindən danışıb. O, kitabın keyfiyyətli tərcüməsi və nəfis tərtibinə görə təmsil etdiyi qurumun rəhbərliyi adından Tərcümə Mərkəzinə təşəkkürünü bildirib və Avrasiya Yazarlar Birliyinin fəxri diplomunu Afaq Məsuda təqdim edib.
Tədbirdə iştirak edən qonaqlar da Tərcümə Mərkəzinin iki qardaş ölkə arasında ədəbi əlaqələrin qurulması istiqamətində səmərəli fəaliyyətindən söz açaraq layihənin əhəmiyyətdən danışıblar.