DÜNYA
Türkiyə ictimaiyyətinin 75 faizi “Türk axını” qaz boru kəməri layihəsini dəstəkləyir
Bakı, 9 iyun, Nihad Budaqov, AZƏRTAC
Türkiyə ictimaiyyətinin 75 faizi “Türk axını” qaz boru kəməri (Turkish Stream) layihəsini dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, ictimai rəy sorğusunu korporativ və ictimai məsələlər üzrə məsləhətçi şirkət “StratejiCo” keçirib. Şirkət qeyd edib ki, sorğunun nəticələri Türkiyə ictimaiyyətinin “Türk axını” layihəsinə inamını nümayiş etdirir.
2015-ci ildə keçirilən rəy sorğusuna görə, təbii qaz kəməri layihəsinə ictimai dəstək 56 faiz idi.
Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” layihəsi Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti türk bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Hər bir xəttin illik ötürücülük gücü 15,75 milyard kubmetrdir. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.