MƏDƏNİYYƏT
Türkiyə jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
Bakı, 23 sentyabr, AZƏRTAC
Türkiyənin “Atlas” jurnalının 2016-cı il sentyabr nömrəsində Mehmet Yılmazın “Azərbaycan - neft və eşq diyarı” sərlövhəli məqaləsi dərc edilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müəllif Azərbaycana səfəri, qədim Gəncə və paytaxt Bakı haqqında təəssüratını bu yazısında xoş duyğularla qələmə alıb.
Müəllifin gözündə Bakı həm turizm, həm də neft şəhəri kimi canlanır. Uzun fasilədən sonra Bakıya gələn Mehmet Yılmaz şəhəri Dubayla müqayisə edir: hündür və əzəmətli binalar, yenilənmiş yol infrastrukturu, reklam lövhələri ilə işıqlandırılmış şəhər...
On beş il əvvəl Bakıya gəldiyini vurğulayan yazar həmin illərlə bağlı xatirəsində bildirir ki, ulu öndər Heydər Əliyev Azərbaycanın tam müstəqilliyini təmin etdi. O, bunun mədəniyyət sahəsində ilk növbədə kiril qrafikasından latına keçidlə reallaşdırıldığını vurğulayır. Müəllif son 15 ildə Azərbaycanda baş verən dəyişiklikləri əsrarəngiz və nağılvarı hekayə adlandırır.
Yazıda Bakının memarlıq abidələri haqqında da söz açılır. Heydər Əliyev Mərkəzini sanki Xəzərin dondurulmuş dalğalarına bənzədən müəllif qədim və modern Bakı barədə təəssüratlarını bölüşür. Mehmet Yılmaz şəhərin tarixi, görməli yerləri haqqında məlumatlarda Bakının digər şəhərlərdən bir fərqinin də burada çoxsaylı möhtəşəm heykəllər olmasında görür. Vurğulayır ki, bu fakt ölkənin öz mədəniyyət xadimlərinə, tarixi irsinə verdiyi yüksək qiymət və ehtiramın nümunəsidir. Küçələrdə gəzərkən rastlaşdığımız heykəllərin hər biri Azərbaycan mədəniyyət və tarixinin səhifələrini “pıçıldayır”.
Yazıda İçərişəhər, buradakı Miniatür Kitab Muzeyi haqqında da söhbət açılır. “Geniş dənizkənarı bulvar, parklar, muzeylər - bütün bunlar Bakını gəzərkən Parisi xatırladır”, - deyə müəllif qeyd edir.
Məqalədə yazılıb: “Alov qüllələri”, Xalça Muzeyi, Nizami küçəsi ərəb və iranlı turistlərin diqqətindən kənarda qalmayıb. Bakıdakı dəbdəbəli restoranlar, əyləncə və ticarət mərkəzləri, Xəzər sahilində istirahət zonaları, zəmanənin ən tanınmış memarları tərəfindən inşa edilən möhtəşəm otellər turizmin inkişafı üçün əlverişli şərait yaradır. Dəniz və günəşlə bol şəhərdə son dərəcə rahat istirahət. Bir turist başqa nə istər ki?”
Müəllif Gəncə haqqında zəngin təəssüratını da bölüşür. O, dahi Nizaminin doğulub boya-başa çatdığı məkanda özünü həyəcanlı hiss edir. Vurğulayır ki, belə bir coğrafi məkanda doğulan şəxs dahi olmaya bilməzdi. Məqalədə Nizami yaradıcılığı və həyatı haqqında məlumata geniş yer ayrılır. Gəncənin yeni görkəmi, paytaxt olmasa belə müasir, inkişaf etmiş bir şəhər olması diqqətə çatdırılır. Burada təqdim edilən Azərbaycan mətbəxinin özəlliyi də xüsusi vurğulanır.
Məqalədə Gəncə şəhərinin Azərbaycan tarixində özünəməxsus yeri olduğu qeyd edilir. Şəhərin strateji mövqeyinin, iqtisadi potensialının və ən əsası isə təbii zənginliyinin, o cümlədən yaxınlıqdakı mirvari sulu Göygölün turistlər üçün görməli məkan olduğu diqqətə çatdırılır.