QAN YADDAŞI
Türkiyə mediası Azərbaycan diplomatının 31 mart soyqırımı barədə məqaləsini yayıb
Qars, 31 mart, AZƏRTAC
Türkiyənin bir sıra qəzetləri və xəbər portalları Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanlının 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqaləsini yayıb.
Məqalədə çar Rusiyası tərəfindən ermənilərin Osmanlı və İran ərazilərindən Azərbaycan torpaqlarına köçürülməsinin səbəblərinə aydınlıq gətirilir. Bu siyasət nəticəsində Azərbaycan ərazisində yaradılan erməni dövlətinin zaman-zaman xalqımıza qarşı işğalçılıq siyasəti yürütdüyünü diqqətə çatdıran baş konsul yazır ki, keçmiş SSRİ dövründə bu cinayətlər gizlədilirdi, lakin ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində bu gün 31 mart - Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Məqalədə erməni silahlı birləşmələrinin 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı, Naxçıvan, Şamaxı, Quba və digər şəhərlərdə törətdikləri vəhşiliklərdən, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımından ətraflı bəhs edilir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars