QAN YADDAŞI
Türkiyə mətbuatı AZƏRTAC-ın xüsusi müxbirinin 20 Yanvar faciəsinə dair analitik məqaləsini yayıb
Bakı, 21 yanvar, АZƏRTAC
Türkiyə mətbuatı AZƏRTAC-ın Türkiyə üzrə xüsusi müxbiri Sabir Şahtaxtının 20 Yanvar faciəsinə həsr olunan analitik məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, www.kocaelikoz.com, www.kha.com.tr və digər xəbər portallarında yayılan məqalədə 20 Yanvar faciəsinin siyasi səbəbləri, məqsəd və nəticələri ətraflı təhlil edilir. Məqalədə, həmçinin çar Rusiyasının Qafqaz siyasətinin Azərbaycanda yaratdığı bəlalardan, o cümlədən qədim Azərbaycan ərazisində erməni dövləti yaratmaq üçün həyata keçirilən işlərdən, sonrakı dövrdə sovet imperiyasının xalqımıza qarşı davam etdirdiyi düşmənçilik siyasətinin məkrli məqsədlərinin acı nəticələrindən bəhs olunur.
Müəllif əsaslandırır ki, çar Rusiyası ilə sovet imperiyasının Azərbaycana qarşı yürütdüyü siyasət mahiyyətcə bir-birini tamamlayan işğalçılıq məqsədi güdüb. Bu iyrənc siyasətdə ermənilərdən alət kimi istifadə olunsa da, erməni millətçi dairələri və din xadimləri öz hiyləgər niyyətlərini gerçəkləşdirə biliblər.
20 Yanvar faciəsinin Azərbaycana qarşı uzun zaman kəsiyində yürüdülmüş işğalçılıq siyasətinin davamı olduğunu diqqətə çatdıran S.Şahtaxtı yazır ki, Mixail Qorbaçov başda olmaqla keçmiş sovet imperiyasının sonuncu rəhbərliyi Kremldə, həmçinin dünyanın ayrı-ayrı ölkələrində kök salan erməni əsilli şəxslərin təsiri ilə təcavüzkar Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiasını dəstəkləməklə Azərbaycan xalqına böyük düşmənçilik edib. Diqqətə çatdırılır ki, məhz həmin gecə təcavüzkar Ermənistanın yaratdığı qanunsuz silahlı dəstələri bütün sərhəd boyu, eləcə də Naxçıvan Muxtar Respublikasının ərazilərində dinc əhaliyə qarşı hücuma keçib.
Məqalədə qeyd olunur ki, M.Qorbaçov və onun ətrafı bütün imkanlardan istifadə edərək Dağlıq Qarabağda cərəyan edən siyasi hadisələrin fonunda yaranmış 20 Yanvar faciəsinin əsl mahiyyətini dünya ictimaiyyətindən gizlətməyə cəhd göstərib. Lakin dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı həyata keçirilən hərbi cinayəti törədənləri ifşa edib, onların əsl məqsədini dünya ictimaiyyətinə çatdırıb və beləliklə, M.Qorbaçov başda olmaqla, Qanlı Yanvar hadisələrini törədənləri ittiham edib. Məhz Ulu Öndərin cəsarəti sayəsində 20 Yanvar cinayətini ört-basdır etmək mümkün olmayıb. Sonrakı illərdə isə ulu öndər Heydər Əliyev qətiyyətli addımlar ataraq 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsinə, cinayətkarların adlarının açıqlanmasına, şəhidlərimizin adlarının əbədiləşdirilməsinə, qanlı hadisədə qəhrəmancasına həlak olanların ailələrinə, sağlamlığını itirən şəxslərə dövlət qayğısı göstərilib.