İDMAN
Türkiyə millisi Finlandiya yığmasına qalib gəlib
Bakı, 24 mart, AZƏRTAC
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 24-də Avropa zonasında növbəti matçlar keçirilir.
AZƏRTAC xəbər verir ki, beşinci turun ilk oyun günündə "I", "D" və "G" qruplarında yer alan komandalar üz-üzə gəlirlər.
Azərbaycanlı futbolsevərlər üçün əsas maraq kəsb edən oyun "I" qrupunda Türkiyə və Finlandiya komandaları arasında qarşılaşma olub. Beş xalla dördüncü pillədə qərarlaşan Fatih Terimin komandası mundiala vəsiqə qazanmaq imkanını daha da yaxınlaşdırmaq üçün ev oyununda üç xal qazanmalı idi. Qardaş ölkənin komandası bu vəzifənin öhdəsindən layiqincə gəldi və rəqibini 2:0 hesabı ilə məğlub etdi. Finlandiya millisinin qapısına hər iki qolu oyunun 9-cu və 13-cü dəqiqələrində türkiyəli hücumçu Cenk Tosun vurub. Bu oyundan sonra Türkiyə yığması səkkiz xalla qrupda üçüncü pilləyə yüksəldi.
Bu gün, həmçinin "I" qrupunun lideri Xorvatiya millisi ikinci sıradakı Ukraynanı, sonuncu pillədə qərarlaşan Kosovo yığması isə dördüncü mövqedəki İslandiyanı qəbul edəcək.
"D" qrupunda Serbiya səfərdə Gürcüstan yığmasını məğlub etdi - 1:3. Bu qrupda digər oyunda Avstriya millisi Moldova, İrlandiya isə Uels komandası ilə görüşəcək.
"G" qrupunun lider komandaları İtaliya və İspaniya yığmaları növbəti matçlarını doğma meydanda keçirəcəklər. Həmin kollektivlər müvafiq olaraq Albaniya və İsrail milli komandaları ilə görüşəcəklər. Makedoniya isə Lixtenşteynlə səfərdə qarşılaşacaq.
Oyunlar saat 23:45-də başlayacaq.