DÜNYA
Türkiyə parlamenti Qətər ilə iki müqavilə layihəsini təsdiq edib
Bakı, 7 iyun, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisi iyunun 7-də bu ölkənin hərbi kontingentinin Qətərdə yerləşdirilməsi və jandarma qüvvələri üçün təlimlərin təşkili ilə bağlı əməkdaşlığa dair iki müqavilənin layihəsini təsdiq edib.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, birinci qanun layihəsinə əsasən, Qətərin silahlı qüvvələrinin modernləşdirilməsi, müdafiə imkanlarının artırılması məqsədilə hərbi təlimlərin keçirilməsi üçün Türkiyə hərbi kontingentinin bu ölkədə yerləşdirilməsi məsələləri nəzərdə tutulur.
Digər qanun layihəsində isə iki ölkənin hərbi strukturları arasında qarşılıqlı səfərlərin, tədris və təlim proqramlarının təşkili, daxili sabitliyin təmin olunmasına, qaçaqmalçılığa, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə dair təlimlərin, müxtəlif kursların keçirilməsi, tədris prosesi zamanı hərbi ləvazimatlarla təminat, texniki-logistik məsələlərdə informasiya və təcrübə mübadiləsi məsələləri əksini tapıb.