QAN YADDAŞI
Türkiyə parlamentində Xocalı soyqırımı ilə əlaqədar görüş keçirilib
İstanbul, 27 fevral, AZƏRTAC
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündarın iştirakı ilə Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri ilə görüşüb.
Görüşdə Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dair məsələlər geniş müzakirə olunub.
Azərbaycan diaspor təşkilatlarının təmsilçilərini Türkiyə Böyük Millət Məclisində görməkdən məmnunluğunu bildirən Necdət Ünüvar Türkiyə-Azərbaycan dostluğundan danışıb. Xocalı faciəsindən bəhs edən parlamentlərarası dostluq qrupunun rəhbəri deyib ki, bu soyqırımı bizim ortaq dərdimiz, qanayan yaramızdır. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını bildirən N.Ünüvar dünya ictimaiyyətini, başda BMT olmaqla bütün beynəlxalq qurumları Xocalı soyqırımı və Azərbaycan torpaqlarının işğal altında qalması məsələsinə həssaslıq göstərməyə çağırıb, ATƏT-in Minsk qrupunun fəaliyyətini nəticəsizliyə görə tənqid edib. Deputat deyib: Türkiyə və Azərbaycan olaraq tələb edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ən qısa zamanda Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll olunmalıdır.
TADEF-in rəhbəri Bilal Dündar TBMM-in sıx iş qrafikinə baxmayaraq, onları qəbul etdiyinə görə Necdət Ünüvara təşəkkür edib. B.Dündar iki ölkəni və iki xalqı bir-birinə bağlayan qardaşlıq münasibətlərindən danışıb. O, bu münasibətlərin daha da gücləndirilməsində öz töhfələrini verən təşkilatların fəaliyyətinə də toxunub. TADEF rəhbəri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində siyasətçilərlə yanaşı, qeyri-hökumət təşkilatlarının da öz fəaliyyətini gücləndirməsinin vacib olduğunu vurğulayıb. TBMM-in bu məsələyə yaxından maraq göstərdiyinə görə B.Dündar rəhbərlik etdiyi federasiyada birləşən təşkilatlar adından Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupuna minnətdarlığını bildirib.
Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi də iştirak edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul