DÜNYA
Türkiyə səfirliyi Kişineu meriyasına əlillər üçün avtomobil hədiyyə edib
Kişineu, 26 may, AZƏRTAC
Mayın 26-da Türkiyənin Moldovadakı səfirliyi Kişineu meriyasına dayaq-hərəkət aparatı pozulmuş insanlar üçün xüsusi avtomobil hədiyyə edib.
AZƏRTAC “MOLDPRES” informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə səfiri Mehmet Səlim Kartal tədbirdə bildirib ki, xüsusi qayğıya ehtiyacı olan insanlar da dövlətin bir hissəsidir, buna görə də onların cəmiyyətə daha asan inteqrasiyası üçün zəruri şərait yaratmaq lazımdır.
Diplomat qeyd edib: “Yeni investisiya layihələrinin həyata keçirilməsi və inkişafı üçün zəruri dəstəyi və yardımı təmin etmək üçün Kişineu meriyası ilə daha sıx əməkdaşlığa şadıq”.
Kişineunun vitse-meri Nistor Qrozavu xüsusi avtomobilə görə Türkiyə səfirinə təşəkkür edərək bildirib ki, “bu, dayaq-hərəkət aparatı pozuntuları olan insanlar üçün çox mühüm yardımdır”.
Nistor Qrozavu deyib: “Avtomobil bu kateqoriyalı insanların şəhərdə hərəkətini asanlaşdıracaq. Biz bu humanitar yardım üçün təşəkkür edirik. Mən digər, o cümlədən sosial yardım sahəsində də təcrübə və mütəxəssis mübadiləsinə ümid edirəm”.
Xüsusi avtomobil şəhər meriyasının sosial yardım üzrə baş idarəsinin sərəncamındadır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu