ELM VƏ TƏHSİL
Türkiyə universitetləri məzunları Azərbaycanın ictimai həyatında fəallıq göstərirlər
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də “Hyatt Regency” hotelində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Türkiyə universitetləri məzunlarının Azərbaycanın ictimai həyatında rolu” adlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə TUMİB-in sədri Çingiz Bayramov Respublika Gününün geniş qeyd edilməsinin əhəmiyyətini vurğulayıb.
Ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini diqqətə çatdıran Ç. Bayramov Ulu Öndərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyini bildirib.
İctimai Birliyin sədri Türkiyə universitetlərində təhsil alan Azərbaycan gənclərinin sayının artdığını qeyd edib, məzunların Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiklərini, iqtisadiyyata, elmə, təhsilə, mədəniyyətə və digər sahələrə töhfə verdiklərini söyləyib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib.
Dahi rəhbər Heydər Əliyevin təhsilə daim xüsusi diqqət və qayğı göstərdiyini bildirən V.Quliyev Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb.
Milli Məclisin deputatı Rəşad Mahmudov və digər çıxış edənlər də müdrik rəhbər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrindən danışıblar.
Çıxış edənlər Türkiyə universitetləri məzunlarının dövlətimizə və xalqımıza daim ləyaqətlə xidmət edəcəklərinə əminliklərini qeyd edib, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin fəaliyyətinə uğurlar arzulayıblar.