CƏMİYYƏT
Türkiyə universitetləri məzunları Azərbaycanın ictimai həyatında fəallıq göstərirlər
Bakı, 29 may, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Türkiyə universitetləri məzunlarının Azərbaycanın ictimai həyatında rolu” adlı tədbir keçirib.
TUMİB-dən AZƏRTAC-a bildirilib ki, 28 May - Respublika Gününə həsr olunmuş təbirdə Azərbaycanın ərazi bütövlüyü uğurunda şəhid olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
İctimai Birliyin sədri Çingiz Bayramov Respublika Gününün geniş qeyd edilməsinin əhəmiyyətini vurğulayıb.
Türkiyə universitetləri məzunlarının Azərbaycanın ictimai həyatındakı rolundan danışan Ç.Bayramov bu tədbirin ərsəyə gəlməsi üçün Gənclər və İdman Nazirliyinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirdi.
TUMİB-in sədri Türkiyə universitetlərində təhsil alan Azərbaycan gənclərinin sayının son illərdə xeyli artdığını qeyd edib, məzunların ölkəmizdə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiklərini, iqtisadiyyata, elmə, təhsilə, mədəniyyətə və digər sahələrə töhfə verdiklərini söyləyib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən bəhs edib.
Dahi rəhbər Heydər Əliyevin təhsilə daim xüsusi diqqət və qayğı göstərdiyini bildirən V.Quliyev Azərbaycan gəncliyinin Heydər Əliyev ideyalarina daim sadiq qaldığını bildirib.
Natiq TUMİB –in yaranmasının 16 illiyi münasibətilə bütün Türkiyə universitetləri məzunlarını təbrik edib, təşkilatın işinə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən digər natiqlər Türkiyə universitetləri məzunlarının dövlətimizə və xalqımıza daim ləyaqətlə xidmət edəcəklərinə əminliklərini ifadə ediblər.
Sonda 28 May - Respublika Günü və TUMİB –in 16 illiyi münasibətilə tədbir iştirakçılarının şərəfinə ziyafət verilib.