MƏDƏNİYYƏT
Türkiyə və Azərbaycan şairləri görüşüb
Bakı, 26 may, Z.Mansurova, AZƏRTAC
Türkiyənin İzmir şəhərinin Çeşmə Bələdiyyəsində Azərbaycandan getmiş bir qrup qələm adamı ilə Avrasiya Sanat, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (ASKEF) üzvlərinin görüşü keçirilib. Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Şairə Sona İsmayılova AZƏRTAC-a bildirib ki, görüşdə ASKEF-in rəhbəri Savaş Ünal qonaqları salamlayıb, xalqlarımız arasındakı dostluğuna həsr edilmiş bu mərasimin qurumun on birinci toplantısı olduğunu bildirib. Tarixən qardaş olan iki xalqın ədəbiyyat, elm və incəsənətinin inkişafına belə tədbirlərin böyük təkan verdiyini söyləyib. O, ASKEF-in Azərbaycan təmsilçisi vəsiqəsini “Qafqaz Media” İctimai Birliyinin sədri Azadə Hüseynovaya təqdim edib.
ASKEF-in Azərbaycan üzrə təmsilçisi Azadə Hüseynova ona göstərilən etimada görə təşəkkürünü bildirib, təmsil olunduğu “Qafqaz Media” İctimai Birliyinin “Best of the Best” diplomlarını Çeşmə Bələdiyyəsinin rəhbərliyinə və üzvlərinə və türk sənətçilərinə təqdim edib.
Tədbirdə Türkiyə və Azərbaycanlı incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.