İDMAN
Türkiyə və Özbəkistan tennisçiləri cütlüklərin final mərhələlərinə vəsiqə qazanıblar
Bakı, 20 may, Elvin Camalov, AZƏRTAC
İslamiadanın tennis yarışlarının doqquzuncu günündə kişilər və qadınlar arasında cütlüklərin mübarizəsində yarımfinal mərhələlərinin görüşləri yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, qadın cütlüklərin yarışında Sabina Şaripova-Polina Merenkova dueti (Özbəkistan) Anastasiya Prenko-Cahan Bayramova (Türkmənistan) ilə görüşdə qələbə qazanaraq (6:4, 6:2) finala yüksəlib.
Növbəti qarşılaşma Malayziya təmsilçiləri Cavairiah Noordin-Selva Racu Teiviya ilə Ayla Aksu-Berfu Cengiz cütlüyü arasında oynanılıb. Türkiyə təmsilçiləri finala vəsiqə qazanıblar - (6:3, 7:6).
Kişi cütlüklərin mübarizəsində isə Altuğ Çelikbilek-İlhan Sarp Ağabigün cütlüyü (Türkiyə) Amin Ahuda-Ayoub Çakrouni (Mərakeş) üzərində qələbə qazanaraq (6:0, 6:3) finala vəsiqəni təmin edib.
Digər görüşdə isə Merzuki Məhəmməd Əssar-Abdul Razak Əhməd (Malayziya) dueti Amal Sultanbekov-Saidalo Saidkərimov (Özbəkistan) cütlüyünə (3:6, 3:6) məğlub olaraq finala çıxmaq şansını itirib.