İDMAN
Türkiyə voleybol yığmasının kapitanı: Qarşıda bizi Gran-pri yarışları, sonra Avropa çempionatı gözləyir
Bakı, 28 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
Belə bir komandanın kapitanı olmaq olduqca qürurvericidir. Biz komanda yoldaşlarımızla hər toplantıda oyunlarımızı müzakirə edirik, ancaq bu oyuna görə onlardan xüsusi anlayış gördüm. Təşəkkürlərimi bildirmək istərdim. Hər kəs öz eqosunu kənara qoyub, komandanın uğuru naminə oynadı. Az oynayan, çox oynayan, ümumiyyətlə oyundan kənarda qalan, belə bir fərqi hiss etmədik, hər kəsin sevinci eyni idi. Bəzi oyunlarda çox çətinlik çəkdik, lakin qələbəmizin əsasını komanda oyunu təşkil edirdi. İlk Avropa Oyunlarının ilk voleybol yarışlarının qızıl medalçıları olmaq böyük xoşbəxtlikdir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyə qadın idmançılardan ibarət voleybol yığmasının kapitanı Güldeniz Önal Paşalıoğlu deyib.
Kapitan azərbaycanlılara, onlara güclü azarkeşlik etdiyinə, dəstəklədiyinə, doğma, əziz qardaşları kimi qarşıladığına görə təşəkkürünü bildirib. Özlərini evlərindəki kimi hiss etdiklərini söyləyib.
Güldeniz Önal Paşalıoğlu deyib: “Biz komanda olaraq hədəflərimizə addım-addım gedirik. Qarşıda bizi Gran-pri yarışları, sonra Avropa çempionatı gözləyir. Hədəfimiz hər bir turniri uğurla başa vurmaqdır. Olimpiya oyunlarına vəsiqə almaq üçün növbəti oyunumuz Ankarada baş tutacaq. Ötən dəfə də Ankarada vəsiqə qazanmışdıq. Mən şansımızın yüksək olduğunu düşünürəm. Dekabr ayında keçiriləcək oyuna qədər hazırlaşmağa çox vaxtımız var. İrəlidə qazanılacaq çoxsaylı turnirlər, qızıl medallar var”,-deyə komanda kapitanı əlavə edib.