CƏMİYYƏT
Türkiyədə 3,5 milyon qaçqın məskunlaşıb və onların sosial rifahının təmin olunmasına 25 milyard dollar xərclənib
Ankara, 21 iyun, Nihad Budaqov, AZƏRTAC
Türkiyə hökuməti təxminən 3,5 milyon qaçqını qəbul edib və onların sosial rifahının təmin olunmasına 25 milyard dollar vəsait xərcləyib.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə hökumətinin təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən 40-a yaxın jurnalistlə görüşündə Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin (BYEGM) rəhbəri, Baş nazirin müşaviri Mehmet Akarca deyib.
O bildirib ki, Türkiyə 30 ildir PKK terror təşkilatı ilə mübarizə aparır. Son illərdə isə daha böyük bəla - İŞİD terror qruplaşması peyda oldu. Ötən il iyulun 15-də isə Fəthullahçı terror təşkilatı (FETÖ)Türkiyədə dövlət çevrilişinə cəhd etdi. Onlar ölkə Prezidenti və Baş nazirini öldürməyə cəhd göstərdilər. Lakin Türkiyə xalqın dəstəyi ilə bu bəladan qurtula bildi. Hökumət həmin terror qruplaşmaları ilə ciddi mübarizə aparır.
“Hazırda Türkiyədə 3,5 milyon qaçqın məskunlaşıb. Qaçqınlar üçün hər cür şərait yaradılıb və onların həyat şəraiti ölkə vətəndaşlarından fərqlənmir. Həmin qaçqınların sosial rifahının təmin olunmasına Türkiyə hökuməti 25 milyard dollar vəsait xərcləyib”, - deyə M.Akarca əlavə edib.
Qeyd edək ki, Azərbaycandan olan bir qrup media nümayəndəsi də həmin heyətə daxildir. Jurnalistlər səfərin ilk günündə İstanbulun tarixi və turistik yerləri ilə tanış olub, daha sonra Ankarada Türkiyənin xilaskarı, böyük dövlət xadimi Mustafa Kamal Atatürkün məzarını - Anıtkabir abidəsini ziyarət ediblər. Media nümayəndələri Ankarada Türkiyə Respublikasının Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Komitəsinə də (AFAD) baş çəkəcəklər.
Səfərin sonrakı günlərində media nümayəndələri qaçqınların məskunlaşdığı Kahramanmaraş, Osmaniye və Şanlıurfa şəhərlərinə səfər edəcək, həmçinin də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirəcəklər.