DÜNYA
Türkiyədə 8 əsrlik yaşı olan məscid restovrasiya olunaraq istifadəyə veriləcək
Bakı, 25 iyun, Ceyhun Alışlı, AZƏRTAC
Antalyanın ilk məscidi sayılan və 8 əsrlik yaşı olan “Qorqud məscidi” (Kəsik minarə) restovrasiya olunaraq yenidən istifadəyə veriləcək.
AZƏRTAC Anadolu xəbər agentliyinə istinadla məlumat verir ki, miladdan sonra VI əsrdə Roma məbədi olaraq inşa edilən tikili Bizans imperiyası zamanında “bazilika” kimi (Xristianlığın ilk dövrlərində ibadətgah kimi istifadə edilən tikili) istifadə olunub.
Səlcuqlar dövründə Antalyanın fəthindən sonra sözü gedən tikiliyə “Məscidi-Cədid” (Yeni məscid) adı verilib. Osmanlı İmperiyası dövründə II Bəyazidin oğlu şahzadə Qorqudun Təkə Sancaqbəyliyinə təyin edilməsindən sonra təmir etdirilən məscid “Qorqud məscidi” adı alaraq fəaliyyətini davam etdirib.
Qeyd edək ki, məscid 1890-cı ildə bu ərazilərdə baş vermiş güclü yanğın nəticəsində sıradan çıxaraq böyük zərər görüb. Minarənin taxta korneti yandığı üçün bu tarixi abidə xalq arasında, həm də “Kəsik minarə” adlandırılır. 1974-cü ildən başlayaraq məscid qismən bərpa edilsə də, sonradan tikinti dayandırılıb.