ELM VƏ TƏHSİL
Türkiyədə Azərbaycandan aparılmış zeytun yarpaqlarında genetik müxtəlifliyin qiymətləndirilməsi aparılıb
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun biotexnologiya laboratoriyasının böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Səltənət Ağayeva Türkiyənin Bursa şəhərində iyirmi gün ərzində ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, S.Ağayeva Azərbaycanda yayılmış zeytun nümunələrində genetik müxtəlifliyin tədqiqi məqsədilə Uludağ Universitetinin ziraat fakültəsində keçirilən təlim kursunda iştirak edib. Bu məqsədlə istifadə olunan SSR və AFLP marker texnologiyalarının tətbiqi üsulları, həmçinin Sekvens Əsaslı Genotipləşdirmə ilə alınmış tək nukleotid polimorfizmlərinin Tassel S proqramı vasitəsilə analizi və assosiativ xəritələnməsi yollarını əhatə edən təlim proqramı professor Meryem İpek, dosent Ahmet İpek, doktorant Sevin Teoman və laboratoriyanın digər əməkdaşları tərəfindən aparılıb. Qeyd edilən üsulların mənimsənilməsi ilə yanaşı, Azərbaycandan aparılmış zeytun nümunələrinin yarpaqlarında genetik müxtəlifliyin qiymətləndirilməsi aparılıb. Tədqiqatın nəticələrini özündə əks etdirən müştərək məqalənin hazırlanması planlaşdırılıb.
Bundan əlavə, əməkdaşlığın genişləndirilməsi və birgə tədqiqat layihələrinin hazırlanması məqsədilə danışıqlar aparılıb və razılıq əldə olunub.