SİYASƏT


Türkiyədə İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı İcraiyyə Komitəsinin iclası keçiriləcək

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Gövhər Baxşəliyeva və Mirkazım Kazımov İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏT Pİ) İcraiyyə Komitəsinin 36-cı iclasında iştirak etmək üçün oktyabrın 16-da Türkiyənin paytaxtı Ankaraya səfər edəcəklər.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə İƏT Pİ-nin baş katibinin hesabatı dinləniləcək, qurumun qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi ilə bağlı atılacaq addımlar müzakirə olunacaq.

İclasda siyasi məsələlər və xarici əlaqələr, iqtisadi məsələlər və ətraf mühit, insan haqları, qadın və ailə məsələləri, mədəni və hüquqi işlər, sivilizasiyalar və dinlərin dialoqu komitələrinin 5-ci yığıncaqlarının gündəlikləri tərtib olunacaq. Eyni zamanda, Fələstin üzrə daimi komitənin yeddinci yığıncağının və müsəlman qadın parlamentarların altıncı konfransının gündəlikləri qəbul ediləcək.

Tədbir iştirakçıları İƏT Parlament İttifaqı Baş Komitəsinin 19-cu sessiyasında və qurumun Konfransının 12-ci sessiyasında baxılacaq məsələləri müəyyənləşdirəcəklər.

Yığıncağın sonunda Ankara Bəyannaməsi qəbul ediləcək.

Toplantıda parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov çıxış edəcək. O, Azərbaycanla İƏT Parlament İttifaqı arasında əməkdaşlığın inkişafı, bölgədə yaranmış son durum və digər aktual məsələlər barədə fikirlərini açıqlayacaq.

Səfər oktyabrın 19-da başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.